UEFA Çempionlar Liqasında ¼ finalın daha bir oyunu Milanda keçiriləcək.
“İnter” və “Benfika” üz-üzə gələcək. Səfərdə 2:0 hesablı üstünlük əldə edən “Neradzurri” bu görüşdə də qələbəyə iddialıdır. Komanda doğma meydanda optimal heyətlə mübarizə aparacaq. 2010-cu ildə ali mükafata yiyələnən “İnter” uzun fasilədən sonra ilk dəfə yarımfinala çıxa bilər. Baş məşqçi Simone İnzagi mətbuat konfransında A seriyasında uğursuz gedişatın Çempionlar Liqasına sirayət etməyəciyini deyib: “2:0 hesablı üstünlük bizə rahatlıq verməməlidir. Əksinə daha yüksək motivasiya ilə mübarizə aparmalıyıq. Bununla belə “Benfika”nın də gücünə bələdik. 1/4 finalda zəif rəqib olmur. Kiçik səhvlər qarşısıalınmaz fəsadlara yol aça bilər. Düşünürəm ki, liqada 5 oyundur qalib gələ bilməməyimiz fəlakət sayıla bilməz. Qarşıda daha 8 tur var və vəziyyəti xeyrimizə dəyişə bilərik. Çempionlar Liqasında isə azarkeşlərimiz əvvəlki, görmək istədiyi “İnter”i göstərməliyik” .
“Benfika”ya rəhbərlik edən Rocer Şmidt mərhələnin taleyinin hələ də həll olunmadığını söyləyib:“Doğma meydanımızda qazandığmız fürsətləri boşa verdik. Beləliklə 8 oyunluq məğlubiyyətsizlik seriyamıza son qoyuldu. Ancaq yarlmfinala yüksəlmək imkanlarımızı hələ də qalır. Milanda çox çətin olacaq. Öz oyun tərzimizə sadiq qalmalı, rəqibin kəskin əks hücumlarının qarşısını da almalıyıq. Əbəs yerə 1/4 finala yüksəlmədiyimizi göstərməliyik”.
Qeyd edək ki, İnter-Benfika matçı bu gün 23:00-də başlanacaq. Qarşılaşmanı Karlos Del Serronun başçılığı altında ispaniyalı hakimlər briqadası idarə edəcək.